“Qrant şəbəkəsi”nin yeni maliyyələşmə mexanizmləri

Müəllif: Yeganə Hacıyeva, Müşfiq Ələsgərli

Qərbin maliyyə strukturları strateji hədəfləri təhdid edən istiqamətlərə necə yol tapırlar?

Avropa İttifaqı "Şərq tərəfdaşlığı proqramına daxil olan ölkələr"də demokratiya və insan hüquqlarının inkişafını ehtiva edən yüksək məbləğli qrant layihələrini elan edib. Layihə Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanla yanaşı, Azərbaycanı da əhatə edir. Rəsmi elana görə, "ictimai maraq kəsb edən mövzular üzrə jurnalist araşdırmalarının həyata keçirilməsini" nəzərdə tutur. 2023-cü il üzrə keçirilən bu müsabiqəyə müraciət edənlərin hər birinin 100 min avro məbləğində uduş əldə etməsi mümkündür. Qalib olan media təmsilçiləri korrupsiya, maliyyə cinayətləri, mütəşəkkil cinayətkarlıq, ictimai təhlükəsizlik, demokratiya və insan hüquqları, ətraf mühit və iqlim dəyişikliyi, səhiyyə kimi sahələrdə araşdırmalar aparacaqlar.

Donor qismində çıxış edən ABŞ institutları, o cümlədən USAİD, ABŞ-ın Azərbaycandakı səfirliyi də 2023-cü il üzrə böyük məbləğli qrant vəsaitləri üçün qapıları açıblar. "Peşəkar medianın inkişafı", "Vətəndaş jurnalistikasının təşviqi", "Media ehtiyaclarının qiymətləndirilməsi", "İctimai maraq kəsb edən mövzularda sosial media fəallığının artması" və digər bu kimi istiqamətlərdə təqdim edilən hər bir layihə üzrə 65 min ABŞ dollar məbləğində qrant vəsaiti qazanmaq mümkündür. Qalib olmaq istəyənlərin sayı üçün məhdudiyyət yoxdur. Müsabiqə limitsizdir.

2023-cü ildə Azərbaycanda ictimai sektor üzrə qrant layihələri təqdim edənlərin siyahısında fəallıq göstərənlərdən biri də Avropa Şurasıdır. AŞ sosial, iqtisadi, mədəni və digər istiqamətlər üzrə layihələr üçün ümumilikdə 4.5 milyon avro məbləğində vəsait ayırıb.

Bunlar üzdə görünən, məşhur donorlardır. 2023-cü il üzrə qrant layihələrində Azərbaycana yer ayırmış təşkilat və fondların siyahısı genişdir. Tanınan və tanınmayan çoxsaylı donorlar Azərbaycanda "ictimai maraq kəsb edən mövzular üzrə araşdırmaların həyata keçirilməsi üçün" yüksək məbləğli qrant müsabiqələri elan ediblər.

Əslində xoş əlamət kimi görünür. Donor institutların ölkəmizdə yenidən fəallaşması, Azərbaycana maraq göstərməsi, ictimai problemlərin aradan qaldırılmasına dəstək verməsi təqdir edilən haldır. Belə layihələr hədəf problemlərin aradan qaldırılmasına yardım göstərməklə yanaşı, həm də partnyor QHT və KİV-lərin, sosial mediada fəallıq göstərən icmaların inkişafına, peşəkarlaşıb institutlaşmalarına müsbət təsir göstərirlər. Dolayısı ilə ölkəmizdə demokratik ənənələrin inkişafına, modern trendlərə uyğun icmaların formalaşmasına təkan verirlər.

Amma bütün bunlar zahiri görüntülərdir. Təcrübə göstərir ki, əksər Qərb institutları demokratik inkişafı hədəfləyən layihələrin adı altında fərqli proseslər həyata keçiriblər. Cəmiyyətin demokratikləşdirilməsinə yardım göstəririk deyiblər, əvəzində məsuliyyət hissini itirmiş, milli dəyərlərə qənim kəsilmiş icmalar yetişdiriblər. LGBT-ni təşviq ediblər, "radikal feminizm"i təşkilatlandıraraq institutlaşdırıblar. İşğala məruz qaldığımıza rəğmən, ölkəmizdə məğlubiyyət hissini həzm etdirməyə yönəlik yalançı pasifizmi, "no war" hərəkatını stimullaşdırıblar. "Korrupsiya faktlarını araşdırırıq" deyiblər, reallıqda isə özləri korrupsiyaya bulaşmış transmilli şirkətlərin maraqlarını ifadə ediblər. Ölkəmizə təzyiq göstərib korrupsiyalaşmış şirkətlərlə əməkdaşlığa sövq etməyə çalışıblar. Təəssüf ki, bənzər əlamətlər 2023-cü il üzrə elan edilmiş qrant proqramlarında da görünür. Həm də daha kəskin formada.

Xarici donorların qrant proqramlarında görünən tendensiyalar

Media sahəsini əhatə edən qrant proqramlarına diqqət yetirəndə məlum olur ki, bu layihələr təkcə ölkə içində fəaliyyət göstərən subyektləri deyil, həm də ölkə xaricində formalaşdırılmış, Azərbaycan dilində informasiya yayan KİV qurumlarını əhatə edirlər. Xüsusi olaraq Avropa İttifaqının və ABŞ institutlarının qrant proqramları bu istiqamətə yönəlib. Müsabiqələrin xaricdə məskunlaşmış Azərbaycandilli KİV və QHT-lər üçün açıq elan edilməsi onu göstərir ki, Azərbaycandan kənarda, əsasən Avropada məskunlaşdırılmış, söyüş müxalifətinə ruporluq edən KİV-lərin maliyyələşdirilməsi üçün imkanlar yaradırlar.

Buradakı ziddiyyəti izah etmək üçün bir nümunə göstərək. Avropa İttifaqı öz ərazisində dezinformasiyaya qarşı mübarizə aparmaq üçün ümumi məbləği təqribən 3 milyard avro təşkil edən xüsusi proqram qəbul edib. Bu proqramın rəsmi hədəfi dezinformasiya ilə mübarizə aparmaq olsa da, reallıqda xaricdən gələn təbliğatın neytrallaşdırılmasını nəzərdə tutub. Məxsusi olaraq, Rusiyanın informasiya sahəsində fəaliyyətinə qarşı əks cəbhənin təşkil edilməsini hədəfləyib. Prosesin davamı olaraq, Ukrayna müharibəsinin başlanmasından həmən sonra, 2022-ci ilin fevral ayından Rusiyanın əksər KİV-lərinin Aİ ərazisində yayımı bloklanıb. Beləliklə, Aİ öz ərazisində kənar təbliğatın aparılmasını həm ayrı-ayrı KİV-ləri bloklamaqla, həm də ictimai müqaviməti formalaşdırmaqla həyata keçirir. İctimai müqaviməti formalaşdırmaq üçün 3 milyard böyük vəsait ayırır. Bunu normal davranış kimi qəbul etmək olardı, əgər, başqalarına münasibətdə də eyni mövqedən çıxış etsəydilər. Aİ-nin Azərbaycan üzrə elan edilmiş son "qrant proqramları" göstərir ki, yanaşma fərqlidir. Xaricdə məskunlaşıb Azərbaycana qarşı dezinformasiya yayan, yalançı təbliğat aparan KİV və QHT-lərin qrant müsabiqəsində iştirakına şərait yaradılır. Onlara maliyyə dəstəyi göstərilməsi üçün platforma formalaşdırılır. Proqramın adını da qoyurlar "ictimai maraq kəsb edən mövzular üzrə jurnalist araşdırmalarının aparılması".

ABŞ donor institutlarının elan etdikləri proqramlarda da belə ikili yanaşmalar görünür. Ayrılan qrantların mahiyyəti odur ki, jurnalist araşdırmaları adı altında ayrı-ayrı ölkələrin daxilində ictimai qalmaqal yaradacaq informasiya mühiti formalaşdırılır. Bu siyasətə uyğun gələn KİV-lər, QHT-lər, sosial media fəalları maliyyələşdirilərək aktivləşdirilir. Bu KİV, QHT və sosial media fəalları Qərb xüsusi xidmət orqanları tərəfindən ustalıqla hazırlanmış dezinformasiyaları təmsil etdikləri ölkələrin informasiya məkanına yeridirlər, ictimai rəyi çaşdırırlar.

Bu model "Soros Fondu"nun maliyyələşdirdiyi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) adı ilə populyarlıq qazanıb. Artıq sübut olunub ki, OCCRP-nin araşdırmaları adı altında ABŞ-ın xüsusi xidmət orqanları fəaliyyət göstərirlər. Onlar layihəyə daxil edilmiş jurnalistlərin adından istifadə edərək bu və ya digər ölkələrin rəsmi strukturlarını, vəzifəli şəxslərini hədəfə gətirirlər. Onlar üçün əsas meyar informasiyanın həqiqətəuyğunluğu deyil, hazırlanmış dezinformasiyanın ustalıqla hədəfə çatdırılması, hədəf ölkəyə qarşı qara piar kampaniyasının müvəffəqiyyətlə təşkil olunmasıdır. Mənbə dezinformasiya xarakterli məlumatı ictimailəşdirən kimi, "qrant müsabiqəsinin qalibi olmuş" KİV, QHT və sosial media fəalları işə qoşulurlar, kampaniya genişləndirilir. Belə layihələr ölkələri təzyiq və təsir altında saxlamaq, onlara öz iradəsini diqtə etmək üçün uğurlu vasitədir. ABŞ donor institutlarının və Aİ-nin 2023-cü il üzrə elan etdikləri proqramların mövzularına diqqət yetirəndə bəlli olur ki, onlar növbəti 2 il üçün də eyni hədəflərlə hərəkət edirlər.

Əslində, Azərbaycan uzun illər boyunca dezinformasiya hücumlarına məruz qaldığı üçün ölkə ictimaiyyətində belə çirkin fəaliyyətə qarşı immunitet formalaşıb. Amma 2023 və növbəti 2 il üzrə elan edilmiş qrant proqramlarında istisna hallar mövcuddur. İndiki qrant proqramlarının mövzularını təhlil edəndə görünür ki, donorların hədəflərindən biri də Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarıdır. Danışıqlarda Azərbaycanın üstünlüyünü əlindən almaq üçün fərqli istiqamətlərdə qondarma problemlərin qabardılması planlaşdırılır.

Əsas hədəflərdən biri də işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, həmçinin, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün reallaşdırılan proqramlardır. Azərbaycanın müvəffəqiyyətlə icra etdiyi bu proqramları "korrupsiya hallarının araşdırılması" layihələrinin hədəfinə çevirməklə, gözdən salmağa çalışırlar. Start düyməsi basılıb. ABŞ və Aİ-dən "korrupsiya, maliyyə cinayətləri, mütəşəkkil cinayətkarlıq sahələrində jurnalist araşdırması aparmaq" adı altında qrant almış KİV, QHT və sosial media fəalları qeyd edilən istiqamətlərdə fəaliyyətə başlayıblar.

LGBT fəaliyyətinin stimullaşdırılması, "No war" hərəkatının genişləndirilməsi və saxta pasifizmin təbliği, kosmopolitizmin təşviqi kimi məsələlər də 2023-cü il layihələrinin ruhunu təşkil edir.

Hansı QHT və KİV-lər müsabiqə qalibi olurlar?

Qrant müsabiqələri bütün QHT və KİV-lər, sosial media fəalları üçün açıq elan olunsa da, son seçimin heç də bu prinsip üzrə aparılmadığı görünür. Donorlar peşəkar KİV və QHT-lərə deyil, özlərinin maraqlarına cavab verən, onların təlimatları ilə işləyən KİV və QHT-ləri qrant müsabiqələrinin qalibi elan edirlər. Qaliblərin adlarını isə ümumiyyətlə ictimailəşdirmirlər. Əgər bu sahədə xüsusi tədqiqat aparılmasa, kimin müsabiqə keçirdiyini, kimin qalib olduğunu aydınlaşdırmaq imkansız olar.

Son dövrün tendensiyalarından biri də budur ki, xarici donorlar müsabiqələrin yekununda "qalibi olmuş" KİV və QHT-lərin, sosial media fəallarının adlarını açıqlamırlar. Hansı ki, "Qrant haqqında" Azərbaycan Respublikası qanununun tələblərindən biri budur ki, qrant almış və qrant vermiş təşkilat proqramın icrası müddətində ən azı bir dəfə məlumat yaymalı, layihə haqqında informasiyanı ictimailəşdirməlidir. Bu, təkcə Azərbaycan qanunvericiliyinin tələbi deyil, həm də beynəlxalq qaydalarda öz əksini tapıb. Azərbaycana qrant verən xarici donorlar isə belə informasiyanı nəinki açıqlamırlar, əksinə, onu gizlətmək üçün mexanizmlər formalaşdırırlar.

Qeyri-leqal istiqamətlər üzrə qrantların qarşısını almaq məqsədilə Azərbaycan 2014-cü ildən etibarən silsilə addımlar atıbdır. "Qrant haqqında" qanunvericilikdə dəyişikliklər, qrant və sub-qrant müqavilələrinin qeydə alınmasının yeni şərtləri 2014-cü ilin noyabr ayından qüvvəyə minib. Prosesin davamı olaraq, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", Dini etiqad azadlığı haqqında" və digər qanunlarda müvafiq uyğunlaşdırma işləri aparılıb. Qanundakı dəyişikliyə əsasən, donor qismində çıxış edən xarici hüquqi və fiziki şəxslər əvvəlcə özləri Azərbaycanda Ədliyyə Nazirliyində qeydiyyata düşməlidirlər. Həmçinin, onların ayıracaqları qrant layihələrinin maliyyə-iqtisadi əsaslandırılması barədə Maliyyə Nazirliyinin rəyi olmalıdır. Donorla bağlı prosedur tamamlandıqdan sonra qrant almaq istəyən QHT və KİV-in prosedurları yoxlanılır.

Dəyişikliklərin nəticəsi olaraq, qrant və sub-qrant müqavilələrinin qeydə alınması üçün 3 pilləli nəzarət sistemi qurulub. Bu da arzu edilməyən xarici donor təşkilatdan qeyri-leqal məqsədlər üzrə qrantların alınmasını, həmin qrantların ölkə ərazisində realizə olunmasını imkansız edir.

Amma məsələ ondadır ki, Azərbaycanın qrant qanunvericiliyinin sərtləşdirilməsinə cavab olaraq, xarici donorlar da özlərinin qrant vermə və qrant hesabatlılığı prosedurlarını yeniləyiblər. Öz partnyorlarını məsuliyyətdən yayındırmaq üçün yeni qaydalar tərtib ediblər. Onların tətbiq etdikləri yeniliklər qeyri-leqal məqsədlər üzrə ayrılan qrant vəsaitlərinin ölkəyə gətirilib realizə olunması istiqamətindəki əngəlləri aradan qaldırır.

2014-cü ildən etibarən xarici qrantların qeydiyyatsız realizəsinə başlanılıb. Təyinatı şübhə doğuran qrantların Azərbaycanda qeydə alınma proseduru çətinləşdiyi üçün, Azərbaycanda xarici sifarişləri icra edən QHT və KİV-lər üçün donorlar tərəfindən əlavə xüsusi imtiyazlar tanınıb. Yəni, donorlar partnyor QHT və KİV-lərdən tələb etmirlər ki, aldıqları qrantları mütləq şəkildə Azərbaycan qanunvericiliyinə uyğunlaşdırsınlar, Ədliyyə Nazirliyində qeydə dursunlar. Yaxud, qaydalara uyğun olaraq, layihə barədə piar işi aparsınlar. Onlar qrantları qeydiyyatsız şəkildə partnyor QHT və KİV-lərə ötürürlər. Ən məqbul yol qrantların xarici ölkələrdə təqdim edilməsidir. Onlar öz qrantlarını əsasən Gürcüstanda qeydiyyata aldırırlar. "Qrant üçün" ayrılmış vəsaiti Gürcüstanda qəbul edirlər. Sonra həmin vəsaiti kuryerlər vasitəsilə Azərbaycana gətirərək istifadə edirlər. "Soros Fondu"nun, NED və bu kimi digər "müstəqil" donor təşkilatların Azərbaycana yönəlik qrant layihələrini Gürcüstan üzərindən reallaşdırdıqlarına dair yüzlərcə fakt mövcuddur.

Amma müşahidələr göstərir ki, "Gürcüstan yolu" versiyası lüzumsuz olaraq hədsiz dərəcədə qabardılır. Belə yanaşma əslində qanunsuz qrantlar ayıran "donor təşkilatların" da işinə yarayır. Xarici donorların istifadə etdikləri digər variantları diqqətdən yayındırır. Qeyri-leqal məqsədlər üzrə ayrılan, qeydiyyatsız qrantlar Azərbaycana təkcə Gürcüstan yolu ilə deyil, fərqli üsullarla da çatdırılır və realizə edilir. Bunun üçün ayrı-ayrı səfirliklərin, USAİD təmsilçilərinin, Avropa İttifaqının, Avropa Şurasının Bakı təmsilçiliklərinin xidmətlərindən istifadə olunur.

Məsələ ondadır ki, "Soros Fondu" və NED qismində "müstəqil" donorlardan fərqli olaraq, səfirliklər, USAİD, Aİ, AK tərəfindən ayrılan qrantları sonadək məhdudlaşdırmaq və tam nəzarətə götürmək mümkün deyil. Çünki, özəl donor fondlardan fərqli olaraq, səfirliklərin, AŞ və Aİ-nin ölkələrdəki fəaliyyətləri dövlətlərarası anlaşmalarla tənzimlənir. Azərbaycanın qarant haqqında qanunvericiliyi isə "özəl", "müstəqil" fondlardan fərqli olaraq, səfirliklərin, AŞ və Aİ-nin ayırdıqları qrantları tam əhatə etmir. Məsələn, qanunvericiliyin tələbinə görə, "xarici donor əvvəlcə özü Azərbaycanda qeydiyyata düşməli, daha sonra onların ayırdıqları qrant vəsaitləri qeydə alınmalıdır...". Bu tələb AŞ, Aİ və səfirliklər üçün zəruri deyil. Onlar zatən buradadırlar, qeydiyyatdadırlar və bu imtiyazlarından faydalanırlar. Müşahidələr göstərir ki, Azərbaycanda bəzi QHT və KİV-lərə 2014-cü ilə qədər "Soros Fondu", NED və bu qism digər donorlar vasitəsilə qeyri-leqal şəkildə verilən vəsaitlər 2014-cü ildən sonra Aİ-nin Bakıdakı ofisi, USAİD təmsilçiləri və səfirliklər üzərindən ötürülür.

İndiki halda Azərbaycanın qrant qanunvericiliyi AŞ-ın, Aİ-nin və səfirliklərin deyil, onlardan qrant alan QHT və KİV-lərin məsuliyyətini müəyyən edir. AŞ, Aİ və səfirliklər də bu halı nəzərə alaraq, onlarla əməkdaşlıq edən QHT və KİV-ləri məsuliyyətdən yayındırmaq üçün mexanizmlər tətbiq ediblər. Məsələ ondadır ki, USAİD, Aİ və səfirliklər 2014-cü ildən sonra partnyor təşkilatlara vəsaitin çatdırılması üçün qrant və sub-qrant müqavilələrindən deyil, "xidmət müqavilələrindən" istifadə edirlər. Partnyorları olan QHT və KİV-lər də bu yeniliyə uyğun olaraq, məsuliyyətdən yayınmaq üçün prosesə "hüquqi şəxs" qismində deyil, "fiziki şəxs" qismində qoşulurlar. Çünki qanunvericilik qrant realizə etmə prosesində "fiziki şəxslərin" məsuliyyətini tam müəyyən etmir.

Ödənişləri də mütləq şəkildə bank hesabı vasitəsilə deyil, həm də nəğd şəkildə ödəyirlər. USAİD, Aİ (AK) və qrant verən səfirliklər 2014-cü ildən sonra bu mexanizmi geniş tətbiq edirlər. Qeyri-leqal, qeyri-məqbul istiqamətlər üzrə layihələri icra etmiş QHT və KİV-lər məsuliyyətdən yayındırılırlar. Bir nümunə verməklə, məsələni tamamlayaq.

Əldə olunan faktlar deməyə əsas verir ki, Azərbaycanda radikal feministlərin ən ciddi maddi və mənəvi dəstək aldıqları qurumlar sırasında Avropa Şurası və Avropa İttifaqı dayanır. Fakt odur ki, "radikal feministlər" Azərbaycanda kifayət qədər aktivdirlər, təşkilatlandırılıblar, maliyyələşdirilirlər. Amma donorların Azərbaycanda feminizmi təşviq etmək üçün hansı QHT və KİV-lərə "qrant verdikləri" barədə informasiya yoxdur. Bu informasiyanı ayrı-ayrı mənbələrdə tapmaq mümkündür. Avropa Şurasının Ukrayna nümayəndəliyinin saytında 2021-ci ildə verilən məlumatdan aydın olur ki, Avropa Şurası "qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması, İstanbul Konvensiyasının təşviqi" üzrə regional layihələrin icrasına Aİ-nin "Şərq tərəfdaşlığı proqramına daxil olan ölkələr"in VCT-ləri cəlb ediliblər. Bu proses Azərbaycan QHT-lərini də əhatə edib. Ermənistan, Moldova, Ukraynanın vətəndaş cəmiyyəti təşkilatları (QHT-lər) ilə yanaşı Azərbaycanın 8 QHT-sinə də bu layihə üzrə vəsaitlər verilib. Məbləğin 2 milyon avro həcmində olduğu qeyd edilir. Amma bu vəsaiti alan 8 QHT hansılardır? Məlumat verilmir. Fakt odur ki, 2017-2023-cü illər aralığında AŞ bu layihəni "partnyor QHT və KİV-lərlə birgə" icra edib.

Gəlinən nəticə budur ki, qeydiyyatsız qrantların realizə edilməsi üçün yalnız Gürcüstan yolundan istifadə edilməsi barədə söylənən versiya yanlışdır. Gürcüstan versiyasını qabartmaqla, digər variantları diqqətdən yayındırırlar. Layihələr burada Aİ, AŞ ofisləri, səfirliklər və USAİD nümayəndəlikləri vasitəsilə realizə edilirlər. Xarici təşkilatlar üçün hesabatlar hazırlayan, onların marağına uyğun bəyanatlar verən, aksiyalar keçirən şəxslərin, QHT və KİV-lərin fəaliyyətinə diqqət yetirəndə görürük ki, hər biri xüsusi diqqətlə əhatə olunub.

Qeydiyyatsız layihələri himayə edən rəsmi şəxslər

Problem ondadır ki, qeyri-məqbul mövzular üzrə layihələr təkcə qeydiyyatsız formada icra edilmir. Bu layihələr sırasında fərqli adlar altında təqdim edilənlər, bər-bəzəkli ifadələr formasına salınaraq qeydiyyata aldırılanlar da vardır. Xarici qrantların qeydiyyatına, icrası və müşahidəsinə məsul olan şəxslərin qeyri-peşəkar, bəzən məsuliyyətsiz davranışlarının bu istiqamətdə boşluqlara yol açdığı görünür.

Yuxarıda qeyd etdik ki, 2023 və növbəti 2 il üzrə elan edilmiş xarici qrant proqramlarının hədəflərindən biri də Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları, həmçinin, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı bərpa-quruculuq işləri, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün reallaşdırılan proqramlardır. Azərbaycanın müvəffəqiyyətlə icra etdiyi bu proqramları OCCPR-in "korrupsiya hallarının araşdırılması" layihələrinin hədəfinə çevirməklə, gözdən salmağa çalışırlar. ABŞ və Aİ-dən "korrupsiya, maliyyə cinayətləri, mütəşəkkil cinayətkarlıq sahələrində jurnalist araşdırması aparmaq" adı altında qrant almış KİV, QHT və sosial media fəalları qeyd edilən istiqamətlərdə fəaliyyətə başlayıblar.

İndi bəlli olur ki, USAİD Qarabağ regionunda alternativ nəzarət mexanizmi quruculuğunu, alternativ hesabat hazırlanmasını ehtiva edən layihəni Azərbaycanda rəsmi qeydiyyatdan keçirib. İcra etmək üçün bir sıra dövlət qurumlarını da prosesə qatıb. Əlbəttə, layihənin rəsmi təqdimatı əsas hədəfi ifadə etmir. Məzmunu çaşdırıcı ifadələrlə, terminlərlə örtülərək hədəf yayındırılıb. Amma bir dövlət qurumu, rəsmi görəv təmsilçisi bunun fərqində olmalı, incəlikləri öyrənməlidir.

Əlbəttə, USAİD-in ölkədə layihə icra etməsinin əleyhinə deyilik. Zatən onun Azərbaycanda təhsil, səhiyyə, humanitar sahələrdə layihələri mövcuddur və icra edilir. Amma OCCRP-nin ideya müəllifi olan bir qurumun Qarabağ kimi həssas bir bölgəyə buraxılması, alternativ nəzarət imkanlarının yaradılması kimin ağlına gəlib? Belə layihələrin icrası prosesinə qatılmış rəsmi şəxslər bilgisizlikləri səbəbindən qrant şəbəkəsinin toruna düşüblər, yoxsa fərqli maraqları vardır?

Mövzunu davam etdirəcəyik...